Toxum Hüceyrəsi Toplama Əməliyyatı

Toxum Hüceyrəsi Toplama Əməliyyatı

Toxum hüceyrəsi Toplama Əməliyyatı Necə Aparılır?

Yumurtalıqlardakı yetişməmiş toxum hüceyrələri, hormonlar ilə stimullaşdırılaraq tələb olunan böyüklüyə çatdıqda, ombadan tətbiq olunan yumurta çatlatma iynəsi (yumurtaların yetişməsinin tamamlanması üçün OPU(Oocyte Pick-Up) əməliyyatından öncə tətbiq olunması mütləq tələb olunan bir iynə) tətbiq edildikdən 35-36 saat sonra həkim tərəfindən ultrasəs zonduna(ötürücü cihazına) əlavə edilmiş bir OPU iynəsinin müşayiəti ilə toxum hüceyrələri steril bir sınaq şüşəsinə aspirasiya (çəkilərək) edilir və embrioloji laboratoriyaya göndərilir. Embrioloji laboratoriyada embrioloq tərəfindən steril sınaq şüşəsinin içində gələn toxum hüceyrələri, mikroskop altında, follikul (yumurta kisəsi) mayesi içindən steril birdəfəlik şüşə pipetinin köməyi ilə götürülür. Daha sonra inkişafını davam etdirə biləcəyi başqa bir bəsləyici mayenin içinə qoyulur. Əməliyyat toxum hüceyrələrinin sayından asılı olaraq təxminən 15-20 dəqiqə davam edir.

Yumurta çatlatma iynəsinin mütləq düzgün vaxtda və düzgün şəkildə tətbiq edilməsi çox önəmlidir. Çatlatma iynəsinin yanlış tətbiq edilməsi halında toxum hüceyrələri inkişaflarını tamamlaya bilməzlər. Nəticədə mikroinyeksiya və ya IVF(in vitro fertilization – süni mayalanma) üçün yetərli yetkinlikdə və sayda toxum hüceyrəsi əldə edilə bilinməz. OPU, xəstənin istəyindən asılı olaraq ümumi və ya yerli anesteziya altında həyata keçirilir. Bu halın əvvəlcədən razılaşdırılması lazımdır. OPU asan və ümumilikdə ciddi ağrıya yol açmayan bir əməliyyatdır. Əməliyyat anesteziya altında həyata keçiriləcəkdirsə əməliyyat günündən öncəki gün axşam saat 24:00-dan etibarən heç bir şey yeyib içməməniz və növbəti gün sizə bildirilən saatda ac şəkildə mərkəzimizə gəlməniz tələb olunacaqdır. Tələb olunan saatda mərkəzimizdə olmanız toxum hüceyrələrinin vaxtında toplanması üçün diqqət edilməsi vacib olan məsələlərdən biridir. Yumurtalar vaxtında toplanmadığı halda ovulyasiya  baş verir. toxum hüceyrələriniz yumurtalıqlardan ayrılaraq mayalanma kanallarına gedir. Bu kanallardan toxum hüceyrələrini götürmək mümkün deyildir. Bu səbəbdən toxum hüceyrələri mütləq OPU saatında toplanmalıdır.

Toxum Hüceyrəsi Toplama Əməliyyatından Sonra Diqqət Edilməsi Vacib Olan Məqamlar Hansılardır?

Toxum hüceyrəsi toplama əməliyyatından sonra yarana biləcək qasıq ağrısı üçün gündə 2-3 tablet parasetamol(ağrı kəsici) qəbul etmənizdə heç bir qorxu yoxdur. Əməliyyat bitdikdən sonra bir müddət sulu qidalarla qidalanmanız təmin olunacaqdır və təxminən iki saatdan sonra xəstəxanamızdan çıxmanıza icazə veriləcəkdir. Bu müddət ərzində tibb bacıları tərəfindən xəstənin müayinələri həyata keçirilir, sonralar edilməsi vacib olan şeylər şifahi və yazılı şəkildə bildirilir.

Toxum hüceyrəsi toplama əməliyyatından sonra xəstə cinsi əlaqədən uzaq durmalıdır. Əməliyyatdan 24 saat sonra vanna qəbul etməkdə heç bir qorxu yoxdur. Evdə istirahət edilməli, 24 saat ərzində avtomobildən istifadə edilməməlidir. 

OPU-dan Sonra Aşağıda Göstərilən Hər Hansı Bir Problemin Olması Halında Həkiminizə Müraciət Edin!

  • Hərarətin 38-dən yüksək olması.
  • Həddindən artıq vaginal qanaxmalar (az miqdarda qanaxmanın olması normaldir).
  • Çox şiddətli və davam edən ağrı (bir az ağrının olması normaldir).
  • Gözlənilmədən çəki artımı.
  • Əməliyyatdan 8-10 saat keçdikdən sonra, artan ağrı ilə birlikdə sidik miqdarında azalma, sidiyin tündləşməsi və ya sidik ifrazında çətinlik.
  • Ürək bulanma, qusma, ishal, nəfəs almada çətinlik, qarında gərginlik.

Mikroinyeksiyadan Əvvəl Toxum Hüceyrələrinin Hazırlanması (Denudasiya Əməliyyatı)

Folikullardan(yumurta kisəsindən) aspirasiya edilən toxum hüceyrələri, ətrafındakı hüceyrə toplusu ilə birlikdə götürülür. Bu hüceyrə toplusu toxum hüceyrələrinin yetişməsinin  tamamlana bilməsini təmin edir. Təxminən 1-2 saat bu hüceyrələr toxum hüceyrəsinin uzaqlaşdırıla bilməz. Toxum hüceyrəsinin son yetişmə mərhələsinin tamamlanması gözlənilir. Gözləmə müddətinin sonunda, hiyaluranidaza adlandırılan ferment və steril şüşə pipetlərinin köməyi ilə Toxum hüceyrəsinin ətrafındakı hüceyrələr fermentativ və mexaniki üsulla  Toxum hüceyrəsindən uzaqlaşdırılır. Beləcə Toxum hüceyrələri maturasiya (yetişmə) baxımından qiymətləndirilə biləcək vəziyyətə gəlir. Denudasiya əməliyyatından təxminən 30-60 dəqiqə sonra yetişməsini tamamlamış yumurtalara mikroinyeksiya əməliyyatı tətbiq edilir.

MİKROİNYEKSİYA (İNTRASİTOPLAZMATİK SPERMATOZOİD İNYEKSİYASI)

Mikroinyeksiya ağır kişi sonsuzluğunun müalicəsi üçün hazırlanmış köməkçi nəsilartırma(reproduktiv) texnikası üsuludur. Spermatozoidin normal mayalama xüsusiyyətinə malik olmaması halında spermatozoidin birbaşa toxum hüceyrəsinin içinə inyeksiya edilərək mayalanma təmin edilir. Bu üsul ağır kişi sonsuzluğuna səbəb olan hallarda süni mayalanma üsulu da daxil olmaqla mövcud olan digər müalicə üsulları ilə mayalanma baş vermədikdə və ya çox aşağı nisbətdə olduqda həyata keçirilir. Say, hərəkətlilik və forma pozğunluğu olan spermatozoidlərin özbaşına toxum hüceyrələrini mayalandırması mümkün deyil. Mikroinyeksiyanın tətbiqi, mikro-pipetlərin köməyi ilə mikroskop altında spermatozoidin qadından əldə edilən toxum hüceyrəsinin içinə inyeksiya edilməsidir. Əməliyyatlar mikroskopun isidilmiş səthində 200–400 dəfə böyüdülmə altında və mikromanipulyatorun vasitəsilə həyata keçirilir.

Mikroinyeksiya ağır kişi sonsuzluğundan başqa IVF (süni mayalanma) ilə mayalanma təmin edilə bilməyən və ya IVF(süni mayalanma) üçün münasib spermatozoid və toxum hüceyrəsi sayına və/və ya keyfiyyətinə malik olmayan cütlüklürdə tətbiq edilir. Mənidəki çox az sayda spermatozoidlər ilə əməliyyat aparıla bildiyi kimi mənidə spermatozoidlərin olmadığı hallarda xayalardan əldə edilən sperma hüceyrələrindən istifadə olunaraq da mikroinyeksiya tətbiq edilə bilər.

Toxum hüceyrəsi toplama əməliyyatının nəticəsində əldə edilən toxum hüceyrələri əvvəlcə ətrafındakı kumulus(hüceyrə toplusu) hüceyrələrindən təmizlənərək, onlardan yetişmiş və istifadə oluna biləcək halda olanları müəyyən edilir. Mikroinyeksiya əməliyyatı aparılacaq steril, toksik olmayan plastik qabda əvvəlcə kişiyə aid spermatozoidlərin qoyulacağı, içində xüsusi bəsləyici maye olan bir hovuz yaradılır. Daha sonra yetişmiş toxum hüceyrələrinin qoyulacağı içində xüsusi bəsləyici maye olan  mikro damlacıqlar hazırlanır. Sperma və toxum hüceyrələri özlərinə aid yerlərə qoyulduqdan sonra mikroskop altında forma baxımından normal görünüşlü və əgər varsa hərəkətli spermatozoidlər seçilərək mikroinyeksiya pipeti ilə quyruğun orta hissəsinə basdırılaraq hərəkətsizləşdirilir. Quyruq hissəsindən tutulan spermatozoid pipetin içinə götürülərək toxum hüceyrəsinin içində olduğu damlaya yeridilir. Xüsusi tutma pipeti ilə fiksasiya olunan toxum hüceyrəsinin içinə hərəkətsizləşdirilən spermatozoid inyeksiya edilir(qoyulur). Bu əməliyyat bütün toxum hüceyrələrinə eyni ardıcıllıqla tətbiq edilir. Əməliyyat bitdiktən sonra toxum hüceyrələri xüsusi bəsləyici şəraitə alınaraq əməliyyatdan 18 – 20 saat sonra mayalanma yoxlaması aparılır. Normal xüsusiyyətlərə malik bir məni nümunəsində spermatozoidlər sayının millilitrdə ən azı 15 milyon, proqressiv hərəkətliliyinin 32% və normal spermatozoid morfologiyasının (forma xüsusiyyətinin) 4%-dan yuxarı olması lazımdır. Spermatozoid xüsusiyyətlərinin bu dəyərlərdən aşağı olması isə kişi sonsuzluğundan xəbər verir. Ağır kişi sonsuzluğunda bu parametrlər aşağıdır və spermatozoidlər toxum hüceyrəsini mayalandırma qabiliyyətindən məhrumdur. Ağır kişi sonsuzluğu üçün standart bir tərif yoxdur, lakin sürətli proqressiv hərəkətli və normal morfologiyada olan spermatozoidlərin sayı bir milyondan aşağı olması kimi müəyyən edilə bilər. Mikroinyeksiya əməliyyatı üçün cütlüklərdə bəzi hazırlıqların aparılması vacibdir. Kişidə qiymətləndirilmə aparılarkən  3-4 həftə ara ilə ən azı 2 dəfə məni nümunəsi götürülür və mikroinyeksiya əməliyyatı üçün uyğun olub olmadığı araşdırılır. Hər qiymətləndirmə üçün orta hesabla 3–5 günlük cinsi pəhriz tələb olunur. Kişilərdə uroloji ekspertiza aparılır. Əlavə araşdırmalara, əməliyyat və ya dərman müalicəsinə ehtiyacın olub olmadığı araşdırılır. Qadında isə reproduktiv orqanların quruluşu və yumurtalıqların müalicəyə verəcəyi reaksiyanın araşdırılması üçün əlavə testlər tətbiq edilir.

Mikroinyeksiya üsulunda normal yollarla toxum hüceyrəsini mayalandırmaq qabiliyyətindən məhrum olan spermatozoidlərdən istifadə olunduğu üçün hamiləlik əldə edildikdə bu halın uşaqda anormallığın meydana gətirib gətirməməsi sualını yaradır. İndiki vaxtda kişi sonsuzluğunda ICSI(intracytoplasmic sperm injection) ilə bu qədər perspektivli bir müalicə imkanının təmin olunmasına baxmayaraq müvəffəqiyyəti müəyyən edən ən önəmli amillər qadının yaşı və əldə edilən toxum hüceyrələrinin keyfiyyətidir. Qadının yaşının çox olması və bununla bağlı artmış xromosom anomaliyaları səbəbindən kişi sonsuzluğu müalicəsində uğur yenə də qadına aid amillərdən asılı olaraq dəyişir. 35 və yuxarı yaşda olan qadınların toxum hüceyrələrindəki xromosom anomaliyası faizi yüksəkdir, bu hal verilən embrionların implant olunmasını (uşaqlıq divarına yapışması) və ya əmələ gəlmiş hamiləliyin uşaqsalma ilə nəticələnməsi riskini artırır. Bəzi qadınlarda isə yaşla əlaqədar olmayan, yumurtalıq tutumunun az olması səbəbindən az sayda və pis keyfiyyətdə əldə edilən toxum hüceyrələrində mayalanma problemi olur və yaxşı keyfiyyətdə olmayan embrionlar əldə edilir. Normal hamiləliklərdə olduğu kimi əlavə reproduktiv metodlar ilə əldə edilən hamiləliklərdə də uşaqsalma riski mövcuddur. Xüsusilə 40 və ya daha yuxarı yaşlı qadınlarda hamiləlik ehtimalı kəskin surətdə azalır. Yumurtalıq funksiyaları normal və ya pozulmaya yaxın olan 40 yaşdan yuxarı qadınlarda süni mayalanma əməliyyatlarının aşağı müvəffəqiyyət ehtimalları cütlüklərə bildirilərək tətbiq edilmir.

EMBRİON TRANSFERİ

Uğurlu Nəticə Üçün Uğurlu Embrion Transferi Şərtdir

Süni mayalanma müalicəsinin son mərhələsi olan embrion transferi vacib bir əməliyyatdır. Orta hesabla 15 günə yaxın davam edən müalicənin nəticəsində hazırlanmış embrionların artıq xəstəyə bu əməliyyat ilə köçürüləcəkdir. Embrion transferində əsas prinsip embrionların uşaqlıq daxilində müəyyən ediləcək hissəyə mümkün qədər az travma ilə yerləşdirilmələridir. Münasib şəraitdə həyata keçirilən embrion transferi süni mayalanma müalicəsində müvəffəqiyyəti artıran bir faktordur və onun önəmini nəzərə almamaq olmaz. Bu səbəbdən transferi həyata keçirəcək həkimin və embrioloqun diqqəti, qayğısı və səbri vacib rol oynayır. İstifadə olunan kateter növü və köçürmə texnikası da müvəffəqiyyətə təsir edən digər ünsürlərdir.

Transfer Ediləcək Embrion Sayı Necə Müəyyən Edilir?

Transfer ediləcək embrion sayı müəyyən edilərkən həm yüksək hamiləlik faizlərinin əldə edilməsi hədəflənir, həm də çoxdöllü hamiləlik riskinin mümkün qədər aşağı səviyyədə olması məqsəd qoyulur. Embrion seçim meyarlarının çatışmazlığı səbəbindən süni mayalanma müalicəsinin aparılmasına başlandığı ilk illərdə çox sayda embrion transferi edilirdi. Lakin zamanla yüksək texnoloji təchizata malik olan mərkəzlərdə, təcrübəli qruplar tərəfindən seçilən protokolların və dərmanların ən uyğun dozalarda istifadəsi embrionların təbii mühitə yaxın şəraitdəki bəsləyici mühitlərdə hazırlanmaları və embrionların seçim meyarlarının daha yaxşı təyin olunması və xüsusilə blastosist dövründəki embrionların köçürülməsi uşaqlığa yapışma faizlərini artırmışdır. Transfer ediləcək embrion sayı qadın yaşı və daha əvvəl tətbiq edilən uğursuz süni mayalanma cəhdləri nəzərə alınaraq hazırlanan embrionların keyfiyyətinə və müddətinə görə seçilir. Mərkəzimizdə transfer əməliyyatı həyata keçirilməmişdən öncə ailələr ilə görüşlər keçirilərək məlumatlandırma aparılır və çoxdöllü hamiləliyin yaradaçağı risklər anladılaraq mümkün qədər yaxşı və az sayda embrionun transferinin aparılması tövsiyə olunur. Mərkəzimizdə tətbiq etdiyimiz embrion transferi strategiyası, sayı yetərlidirsə morula (4-cü gün) və ya blastosist (5-ci gün) səviyyəsinə çatmış 2 embrionun uşaqlıq daxilinə yeridilməsidir. Beləcə üçan və daha çox döllü hamiləliklər kəskin surətdə azaldılır. Bundan başqa qadının yaşı çox gəncdirsə və süni mayalanma əməliyyatı ilk dəfə aparılırsa, yaxşı keyfiyyətdə blastosist mövcud olduqda yalnız bir embrion transferi planlaşdırıla bilər. Qadının yaşının çox olması və uğursuz təkrar cəhdləri olan cütlüklərdə və dondurulmuş, dondan açılmış embrion transferi aparılan cütlüklərdə, transferdən əvvəl embrionun xarici qişası olan zona pellucida-nın lazer ilə nazikləşdirilməsi və ya tam açılması əməliyyatı tətbiq edilir. Bu əməliyyat AHA(Assisted HAtching- köməkçi yuvalama) kimi adlandırılır və embrionun zona-dan ayrılmasını asanlaşdıraraq implantasiya ehtimalına müsbət təsir göstərir.

Embrion Transferi Əməliyyatı Ağrısızdır və Anesteziya Tələb Etmir

Transfer əməliyyatı zamanı uşaqlıq boynunda olan mukus steril bir çubuq ilə təmizlənir, incə və yumşaq bir kateterin köməyi ilə embrionlar uşaqlığın içinə yeridilir. Köçürülmə zamanı üstünlüyün yumşaq kateterə verilməsi, uşaqlıq boynunda qanaxma riskini də azaldır. İstifadə etdiyimiz kateterlərin ucları ultrasəs ilə müşahidə oluna bildiyi üçün embrionların uşaqlıq daxilində qoyulacağı hissə dəqiq olaraq müəyyən edilə bilir. Embrioloq tərəfindən, həkim ilə eyni zamanda münasib şəraitdə kateterin içinə yüklənən embrionların transferi ehtiyatlı şəkildə aparıldıqdan sonra kateter yavaşca çıxarılır və embrioloq tərəfindən mikroskop altında baxılaraq embrionların hamısının transfer edildiyinə nəzarət edilir.

Köçürülmədən Sonra Uzun Müddətli Yataq Rejimi Hamiləlik Şansını Artırmır

Embrionlar uşaqlığa yerləşdirildikdən sonra yarım saatliq istirahət kifayətdir. Daha uzun müddətli yataq rejiminin hamiləlik şansını artıran təsirə malik olmadığı müəyyən olunmuşdur. Xəstələrimizə ilk 24 saatda fiziki fəaliyyətdən uzaq durmalarını tövsiyə edirik. Daha sonraki gün isə xəstənin normal həyata qayıtması mümkündür, əgər xəstə işləyirsə işinə davam edə bilər. Embrion transferindən sonra 12-ci gündə qandan hamiləlik testi etdirilir. Hamiləlik testinin nəticəsini alana qədər idman, ağır iş, ağır yük qaldırma kimi fəaliyyətlərdən uzaq durmasını tövsiyə edirik. Avtomobil və təyyarə səfərləri isə edilə bilər. Səyahət etməsinin qorxusu yoxdur.

ASSİSTED HATCHING ƏMƏLİYYATI (AHA)

Embrionun uşaqlığa yapışması, embrionu əhatə edən qlikoproteinin quruluşundakı membrandan (zona pellucida) embrionun kənara tumurcuqlanması(yayılması) ilə (hatching) başlayır. Tumurcuqlanma embrion inkişafının 5-ci və ya 6-cı günü blastosist mərhələsinə çatdıqdan sonra baş verir. Embrionun uşaqlıq daxilində yapışa bilməsi onun membrandan tamamilə çıxmasından sonra mümkün olur. Süni mayalanma üçün istifadə olunan dərmanların, embrionu əhatə edən membranı qalınlaşdırdığını və ya embrionların içində inkişaf etdirildiyi bəsləyici (medium-un) mühitin membranı sərtləşdirdiyini göstərən tədqiqatlar mövcuddur. Embrionları dondurarkən və dondan açarkən istifadə olunan məhlullar da, embrionu əhatə edən membranın sərtləşməsinə səbəb olur. Bu səbəbdən embrionun uşaqlığa yapışması çətinləşir. Embrioloji laboratoriyada köçürülmədən əvvəl embrionun tumurcuqlanmasını asanlaşdırmaq məqsədilə embrionu əhatə edən membranın nazikləşdirilməsi və ya açılması (assisted hatching) əməliyyatı tətbiq edilir. Bu yolla qalınlaşmış və ya sərtləşmiş membrandan (zona pellucida-dan) embrionun çıxa bilməsi asanlaşdırılır. Embrionları əhatə edən membran müəyyən bir hissəsindən nazikləşdirilir və ya tam olaraq açılır. Bu əməliyyat embrion transferinin ediləcəyi gün, transfer ediləcək embrionlara tətbiq edilir. Beləcə embrionun uşaqlıq divarına yapışması asanlaşdırılır. Assisted Hatching (AHA) əməliyyatında üç üsuldan istifadə olunur.

  1. Mexaniki; şüşə mikroiynə ilə embrionun membranında dəlik meydana gətirilir.
  2. Kimyəvi; Acid tyrode məhlulundan istifadə olunaraq embrionu əhatə edən membran müəyyən bir hissəsindən əridilərək nazikləşdirilir və ya tam olaraq açılır.
  3. Lazer; Lazerlə embrionun membranı nazikləşdirilir və ya onda dəlik yaradılır. Əməliyyat olaraq ən qısa müddətdə gerçəkləşdirilən və ən praktik olan üsuldur.

Mərkəzimizdə Lazer assisted hatching üsulundan istifadə olunur. Lazer assisted hatching üsuluna digər üsullardan daha çox üstünlüyün verilməsi səbəbləri bunlardır:

  • Embrionun olduğu bəsləyici mühitdə, hər hansı bir kimyadan istifadə olunmadan tətbiq edilir.
  • Əməliyyat olaraq ən qısa müddətdə gerçəkləşdirilən və ən praktik olan üsuldur.
  • Lazer ilə açılan dəlik kompüter nəzarəti ilə və mikrosaniyə müddətində edildiyi üçün təhlükəsizdir.
  • Embrionu həm də bir başqa tutucu pipet ilə tutmağa ehtiyac qalmadan tətbiq edilir.
  • Həmçinin embrionlara tətbiq edilən genetik ekspertiza (PGD – Preimplantation Genetic Diagnosis) üçün embriondan bir hüceyrənin götürülməsi məqsədilə, Lazer ilə embrionun xarici membranında açılan dəlik bu əməliyyatın qısa müddətdə və praktik şəkildə həyata keçirilməsini təmin edir.

Tekrar süni mayalanma əməliyyatlarında keyfiyyətli embrionun transfer olunmasına baxmayaraq hamiləliyin əldə edilə bilməməsi əksər hallarda implantasiyanın uğursuzluğu ilə əlaqədar olaraq meydana gəlir. Səbəbi izah edilə bilməyən implantasiya uğursuzluğu halında və xüsusilə embrionu əhatə edən membranın qalın olduğu hallarda, assisted hatching əməliyyatı implantasiya ehtimalını artırır. AHA əməliyyatı 2-ci, 3-cü və ya 4-cü gün transfer ediləcək embrionlara tətbiq edilir. AHA əməliyyatı, 35-dən yuxarı yaşda, FSH(follicule-stimulating hormone) dəyəri normadan yuxarı olan(FSH>10mlU/ml) qadınlarda, daha əvvəlki tətbiq etmələr zamanı yaxşı keyfiyyətdə embrionların transferinə baxmayaraq hamiləliyin baş tutmaması hallarında, embrion membranının qalın olması halında (>15µm) və dondurulmuş- dondan açılmış embrionlarda dondurma məhlullarının embrion membranını sərtləşdirməsi səbəbindən istifadə olunur.

İmplantasiya qabağı Genetik Diaqnostikanın Tətbiqi Zamanı  Embrion (Blastomer) Biopsiya Üsulu

 
 

İmplantasiya qabağı genetik diaqnostika (PGD), embrionların ananın uşaqlığına yerləşdirilməsindən öncə genetik baxımdan və xromosomlar cəhətindən araşdırılması əməliyyatıdır. Embrionlar 8 hüceyrəli olduqdan sonra laboratoriyada biopsiya ilə alınan bir hüceyrəyə tətbiq olunan genetik analiz, anaya sağlam embrionun transfer edilməsinə kömək edir. Xüsusilə ananın yaşının yuxarı olması (38 və daha yuxarı yaş) halında ana tərəfdən olan xromosomlarda pozğunluqlar olur, dolayısı ilə embrionlar forma və quruluş etibarilə normal görünsələr belə xromosom anomaliyaları ilə əlaqədar olaraq hamiləlik inkişaf etmir və ya inkişaf edən hamiləlik uşaqsalma ilə nəticələnə bilər. Aparılan araşdırmalarda keyfiyyəti yaxşı görünən embrionlarda az qala 38–40%, pis keyfiyyətdə olan embrionlarda 90-a çatan faizlərdə xromosom pozğunluq müəyyən olunmuşdur. PGD-nin məqsədi xromosom anormallıqları baxımından ən az riskli olan embrionların seçilməsinin təmin edilməsidir. PGD ana yaşının yuxarı olması yəni ardıcıl təkrar uşaqsalmalar olan hallarda, təkrarlanan uğursuz süni mayalanma cəhdləri olan cütlüklərdə, ağır kişi sonsuzluğu olan hallarda, genetik xəstəlik riski daşıyan hallarda tətbiq edilir. PGD ilə xromosom anormallıqlarının aşkarlanmasının üstünlükləri: embrionun uşaqlıq daxilində yapışması və hamiləlik şansının artması, uşaqsalma riskinin azalması, xromosom baxımından normal bir uşaq sahibi olma şansının artmasıdır. Digər tərəfdən ağır kişi sonsuzluğu ilə müraciət edən cütlüklərdə əksər hallarda əsas səbəbin genetik mənşəli olduğu müşahidə olunur. Bu cütlüklər də əvvəlcə kişinin spermatozoidlərində genetik analiz aparılaraq halın müəyyən olunması və ardından embrionlarda genetik diaqnostika həyata keçirilərək sağlam embrionların transferi hamiləlik şansını əhəmiyyətli dərəcədə artırır.