Siqaretin Təsiri

Siqaretin Təsiri

Siqaret çəkənlərdə müşahidə olunan ürək, ağciyər və damar xəstəlikləri hamımıza məlumdur. Lakin siqaret çəkmə yalnız bu xəstəliklərə səbəb olmur, həm də uşaq sahibi olmaq istəyən cütlüklərdə hamilə qalma şansını azaldır. Hamiləlik zamanı siqaret çəkən analarda ana bətnindəki uşağın inkişafına ziyan dəyir və ya uşaqsalma baş verə bilər. Bu məqalədə uşaq sahibi olmağı planlaşdıran cütlüklərdə siqaret çəkmə ilə bağlı yarana biləcək sonsuzluq problemi haqqında danışacayıq.

Evlilikdən sonra cütlüklər uşaq sahibi olmağı planlaşdırırlar. Bəzi cütlüklər təbii yolla uşaq sahibi ola bilsələrdə bəzi cütlüklərdə müxtəlif səbəblər buna mane olur. Təbii yollarla uşaq sahibi olmağa maneəçilik yaradan əhəmiyyətli amillərdən biri də tərkibində bir çox zərərli maddələr olan və sağlamlığa mənfi təsir göstərməklə yanaşı bir çox xəstəliyin meydana gəlməsininə də gətirib çıxaran siqaret istifadəçiliyidir. Yalnız siqaret çəkmə deyil, siqaret çəkilən mühitlərdə olma da cütlüklərin təbii yolla uşaq sahibi olmalarına mane ola və sonsuzluq səbəbi ola bilər.

Qadınlarda müşahidə olunan sonsuzluğun siqaret ilə əlaqəsi

Siqaret çəkmənin yumurtalıqlara verdiyi zərər aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur. Yumurtalıqlara dəyən zərərin dərəcəsi isə siqaret çəkmə dozasına düz mütənasibdir. Qısa desək: qadın bir gündə nə qədər çox siqaret çəkirsə yumurtalıqlarına da o qədər zərər vermiş olur.

Siqaretin tərkibində olan nikotin və kadmium kimi maddələr, qadın hormonu kimi tanınan estrogenin sekresiyasını azaltmaqla bərabər toxum hüceyrələrində genetik anormallıqlara meylliyi artırır. Yumurtalıqlardakı toxum hüceyrələrinin sürətli itkisinə səbəb olan siqaret istifadəçiliyi qadınların menopauza dövrünə erkən girməsinə də səbəb olur. Sonsuzluqla bağlı müzakirə etdiyimiz mövzuda o nəticəyə gəlmək olar ki, siqaret çəkmə qadınların uşaq dünyaya gətirmək şansını azaldır və hamiləlik zamanı uşaqsalma riskini artırır.

Kişilərdə müşahidə olunan sonsuzluğun siqaret ilə əlaqəsi

 Tərkibindəki zərərli maddələrin olması səbəbindən qadınların yumurtalıqlarına mənfi təsir göstərən siqaret kişilərdə də müşahidə olunan sonsuzluq səbəblərindən biridir. Kişilərdə siqaret çəkmə spermatozoidlərin hərəkətliliyinə və spermatozoidlərin formasına mənfi təsir edir. Gündə bir qutu(paçka) siqaret çəkildiyi təqdirdə siqaret spermatozoidlərin keyfiyyətini azaldır və kişilərdə sonsuzluq probleminə səbəb olur.

Sonsuzluqla bağlı müalicə keçənlərə siqaretin təsiri

Sonsuzluq diaqnozu qoyulmuş və uşaq sahibi olmaq üçün süni mayalanma müalicəsi keçən cütlüklərdə qadının siqaret çəkməsi mayalanma üçün lazım olan toxum hüceyrəsi sayını azaldır, hamiləlik və uşaq dünyaya gətirmə şansına mənfi təsir edir. Süni mayalanma müalicəsindən ən azı 2 ay əvvəl siqaret çəkmə vərdişindən imtina etmə hamiləlik şansını artıracaqdır. Bu hal aparılan araşdırmalar nəticəsində sübut edilmişdir. Uzun müddət ərzində siqaret çəkən qadınlarda toxum hüceyrələri müntəzəm olaraq zərər görsələr də süni mayalanma cəhdindən əvvəl siqaretin atılması, müalicənin nəticəsindəki müvəffəqiyyət faizini artırır.

Hamiləlik müddətində siqaret çəkən qadınlarda uşaqsalma və erkən doğuş riski mövcuddur. Həmin uşaq ana bətnində mənfi təsir görməsə belə, siqaret çəkilən ev şəraitində yaşayan uşaqlarda ani körpə ölümü sindromuna rast gəlinə bilər.

Bir çox xəstəliyə səbəb olmaqla yanaşı sonsuzluq riskini artıran siqaret vərdişindən imtina edildiyi təqdirdə sözügedən xəstəliklərdən qorunmuş və təbii yolla uşaq sahibi ola bilmə şansınız artmış olacaqdır.